Məzmuna keçin Yan panelə keçin Altbilgiyə keçin

Rəngarəng festivallar: Dünyanın ən maraqlı rəngli festivalları

Rəngarəng festivallar: Dünyanın ən maraqlı rəngli festivalları

Dünyanın hər bir yerində insanların əyləncəsi üçün fərqli festivallar təşkil edilir. Rəngli festivallar bu festivallar içərisində ən maraqlı olanlardandır. Hər il milyonlarla insanın qatıldığı bu festivallar başqa ölkələrdən olan səyahətçilərin də diqqətini özünə çəkir. Bu festivallar vasitəsilə insanlar arasında birgəlik, coşqu və sevinc hissi paylaşılır. Bununla bərabər festivallar həm də, mədəniyyətlər arasındakı fərqlilikləri tanımaq və onları yaşamaq fürsəti verir. Bu yazımızda elə rəngarəng festivallardan danışacağıq ki, yəqin ki siz də ən azından birində “kaş ki mən də iştirak edəydim” demisiniz.

Hindistan – Holi Festivalı

Rəng festivalı deyərkən ağla ilk olaraq Hindistanda keçirilən Holi festivalı gəlir. Bu bayramda insanlar bir-biri ilə əyləncəli vaxt keçirir, bir-birinin yanlışlarını bağışlayır, sevgi və dostluq hisslərini bölüşür və qışın bitməsi ilə baharın gəlişini qeyd edirlər. Holi 2 gün ərsində davam edir.

Birinci gün “Holika Dahan” adlanır. Həmin gün inanclarına görə insanların içindəki pisliyi təmsil edən Holikanın yandırılması məqsədilə dini mərasimlər keçirirlər. Holikanı təmsil edən simvolik kuklaları odda yandıraraq yaxşılığın qələbə çalması üçün dua edirlər və xeyirin şər üzərindəki qələbəsini qeyd edirlər.

Holinin ikinci günü “Rangwali Holi” adlanır. Həmin gün isə insanlar bir- birinə “gulal” adlanan rəngli tozlar və su ataraq birlikdə rəqs edir, mahnı oxuyur, milli şirniyyatlarını bir-biri ilə paylaşırlar. Musiqiləri milli alətləri olan dholak və tabla vasitəsilə ifa edirlər. Ümumi əhval-ruhiyyə çox şən və əyləncəli olur.

İspaniya – La Tomatina

Rəngli festivallardan biridir. Yəqin ki, adından hansı festival barədə söhbət getdiyini artıq bilirsiniz. Bəli, söhbət pomidor festivalından gedir. Bu festivalın tarixi maraqlı bir fakta əsaslanır. Belə ki, bir konsert zamanı bir qrup gənc musiqiçilərin yanında olmaq üçün izdihamı yarır. Bunu görən insanlar yaxınlıqdankı pomidor yeşiklərindən pomidorları götürərək bir-birinə atmağa başlayır. Ara sakitləşsə də növbəti il yenidən bu halı təkrarlanır və ənənə halına gətirilir. Həmin hadisə baş verdikdən 5 il sonra festival rəsmi olaraq tanınır və davamlı olaraq keçirilir. Hər il avqust ayınla yüzlərlə ton pomidor festivaldakı insanlar tərəfindən bir saat ərzində bir- birinə atılır. Festivalın qaydaları da vardır. Belə ki, pomidorlar atılmazdan öncə yaxşıca sıxılmalıdır ki, zədələnmə halları baş verməsin. İnsanlar bir-birinə yalnız pomidor ata bilərlər və festivalın bir saatdan artıq davam etməsinə icazə verilmir. Bu bayram vasitəsilə insanlar gündəlik qayğılarından uzaqlaşaraq xoşbəxt zaman keçirirlər.

Meksika – Dia de los Muertos

Meksikada ölüləri anma festivalı olaraq keçirilir. Bəlkə də bu sizə bir yerlərdən tanış gəldi. Doğru bildiniz. Məşhur “Coco” filminin konsepti də məhz bu festivala əsaslanır. Filmdə Miguel Rivera adlı 12 yaşlı uşaq yanlışlıqla Ölülər ölkəsinə gedir. Əgər baxmamısınızsa, izləyə bilərsiniz. Yaşından asılı olmayaraq hər kəsə udnudulmaz bir hisslər yaşadır və içinizdə boğduğunuz bəzi hisslərin yenidən baş qaldırmasına səbəb olur.

Gələk festivala. Bu festival müxtəlif mərasim və ayinlərdən ibarətdir. Festivalın əsas məqsədi mərhumların ruhlarını yenidən dünyaya dəvət etmək və onları yad etməkdir. Bu bayram vasitəsilə insanlar həm də ölüm qorxusunun qarşısını almaq üçün onu qeyd edirlər. Ona görə də bu festival Meksika mədəniyyətinin əhəmiyyətli bir hissəsidir.

Ənənəvi Meksika içkiləri və yeməklərinin də nümayiş olunduğu bu festivalda əsas qidalardan biri ölü çörəyidir. Muerto adlanan bu şirniyyat portağal qabığı və şəkərlə bəzədilir. Atole adlanan içki isə isti qarğıdalıdan hazırlanır və ofrendalarda təqdim olunur.

Festivalda Keçirilən Mərasimlər

1. Ofrenda

Festivalın ən vacib elementlərindən biridir. Ofrenda ölülərə həsr edilən bir altar – qurbangahdır. Bu qurbangah müxtəliş əşyalarla – mərhumların sevdiyi içki və yeməklərlə, marigold çiçəkləri (cempasúchil), şəkər kəllələri (calaveras), mərhumların şəxsi əşyaları və şəkilləri ilə bəzədilir.

2. Şəkər Kəllələri (Calaveras)

Şəkər kəllələri, Dia de los Muertos’un ən tanınan simvollarındandır. Müxtəlif rənglərdə olan bu bəzəkli şəkər kəllələri, həyat kimi ölümün də şirinliyini təmsil edir. Onlardan həm ofrendalarda, həm də festivalın digər hissələrində istifadə olunur.

3. Marigold Çiçəkləri (Cempasúchil)

Marigold çiçəkləri parlaq və narıcı rəngləri ilə festivalın əsas elementlərindən hesab olunur. Hamımız nənələrimizin həyətində bu çiçəklərdən görümüşük deyə bilərik. İnanışa görə bu çiçəklər öz qoxusu və parlaq rəngləri ilə, ölənlərin ruhlarını cəlb edir.

4. Paradlar və Kostyumlar

Dia de los Muertosda insanlar Meksikanın müxtəlif şəhərlərində yürüşlər və paradlar keçirirlər. Onlar ənənəvi və rəngarəng paltarlar geyinir, kəllə şəkilli makiyajla (La Catrina) bəzənirlər.

5. Qəbirləri Ziyarət

Festivalın bir hissəsində ailələr öz mərhum qohumlarının qəbirlərini ziyarət edir, qəbirlərin üzərinə marigold çiçəkləri qoyur, onları mərhumların sevdiyi əşyalar və şamlarla bəzəyirlər.

Festival noyabr ayında keçirilir. Səyahətlərinizi planlayarkən bu festivalın keçirilmə tarixini də özünüz üçün qeyd edə və festivalda iştirak edə bilərsiniz.

Dünyanın müxtəlif ölkələrinin ənənələri və mədəniyyətləri ilə tanış olmaq üçün festivallar möhtəşəm təcrübələr qazandırır. Digər maraqlı festivallar haqqında məlumat almaq istəyirsinizsə bizi izləyin 🥰

SƏN HƏLƏ MƏNİ OXUMAMISAN: Niyə turla səyahət etməliyəm?