Məzmuna keçin Yan panelə keçin Altbilgiyə keçin

Niyə turla səyahət etməliyəm?

Niyə turla səyahət etməliyəm?

Səyahət etmək yeni yerlər kəşf etmək, yeni insanlarla tanış olmaq, yeni mədəniyyətləri tanımaq üçün bizlərə fürsətlər verir. Amma səyahətə qədər olan proses heç də hər kəs üçün həyəcanlı və stressiz keçmir. Belə insanlar üçün turla səyahət daha uyğun seçim olur. Bu yazımızda məhz qrup turlarının faydalarından, sizə qatdıqlarından və üstünlüklərindən danışacağıq.

Planlama və təşkilatçılıq

Qrup turları səyahətinizi rahat və tez planlamaq üçün sizə həllər verir. Gedəcəyiniz istiqamətlərdən tutmuş, nəqliyyat, transfer, qalacağınız otellər, qidalanma planlaması, hətta məşğul olmaq istədiyiniz fəaliyyətlər belə sizə hazır şəkildə təqdim olunur. Sizlərə isə sadəcə çantanızı toplayıb yola düşmək qalır.

Təcrübəli və bilgili tur rəhbərləri

Qrup turlarında səyahət etdiyiniz yerlərlə bağlı geniş tarixi və coğrafi bilgilərə sahib tur rəhbərləri olur. Onlardan aldığınız mədəni və tarixi bilgilərlə səyahətinizi daha da zənginləşdirə bilərsiniz. Bunun sayəsində gördükləriniz hafizənizdə daha uzun müddət qalacaq və bu bilgiləri siz də başqalarına ötürərək xatirələrinizi hər dəfəsində yeniləmiş olacaqsınız.

Güvənlik

Qrup halında səyahətlərdə insanlar özlərini daha rahat və təhlükəsiz hiss edirlər. Xüsusilə də ölkə xaricinə səyahətlər zamanı tanımadığı bir bölgədə təkbaşına olmaq bəzi insanlara qorxunc görünə bilər. Hətta güvənlilik səbəbindən bəzi ailələr övladlarının təkbaşına səyahət etməsinə elə də isti yanaşmır. Başa düşüləndir ki, neçə yaşları olmasından asılı olmayaraq övladlarının tək səyahətlərdə başlarına bir şey gələcəklərindən, hər hansı problemlər yaşayacaqlarından, hətta itə biləcəklərindən qorxurlar. Ona görə də həm valideynləriniz və sevdikləriniz içini rahatlatmaq, həm də özünüzü daha təhlükəsiz və güvəndə hiss etmək istəyirsinizsə qrup turlarına rahatlıqla qoşula bilərsiniz.

Yeni insanlarla tanış olmaq

Sosiallaşmaq insanın ən təməl istəklərindən biridir. Qrup turlarında ortaq maraqlarda olduğunuz yeni insanlarla tanış olmaq fürsətiniz olur. Sosiallaşmaq eyni zamanda da çox vacibdir. Müasir dövrün ən əsas tələblərindən biri olması boşuna deyil. Nə qədər sağlam əlaqələriniz, güclü dostluqlarınız varsa bir o qədər uğurlu hesab edilirsiniz. Turlarda həm özünüzə yeni dostluqlar, tanışlıqlar qura bilərsiniz, həm də bunun vasitəsilə turu özünüz üçün daha əyləncəli hala gətirə bilərsiniz.

Pulunuza qənaət

Qrup turları ilə səyahət etmək adətən daha ucuz başa gəlir. Turun qiyməti təbii ki, müxtəlif amillərdən asılı olaraq dəyişir. Bəziləri sizə bir qədər baha, digərləri nisbətən ucuz görünsə də, turlar çox zaman tək səyahət etməkdən daha sərfəli olur. Xüsusən də tək səyahət etməyi düşünənlərdənsinizsə. Turizm şirkətləri adətən restoran, otel, nəqliyyat və bu kimi xidmətlərdə endirim ala bilir və bunu qrup turları təşkil etməklə müştərilərə daha uyğun qiymətə təklif edir.

Zamanınıza qənaət

Tur vasitəsilə səyahət sizə daha az müddətdə daha çox yerləri görmə fürsəti verir. Turlar daha çox həmin yeri təmsil edən əsas yerləri görmək və gəzmək üçün planlandığından zamanınızı daha faydalı dəyərləndirə bilirsiniz. Eyni zamanda təkbaşına müxtəlif fəaliyyətləri planlamaq bəzən həm yorucu olur, həm də bu fəaliyyətləri həyata keçirmək üçün tam olaraq nəyə ehtiyacınız olduğunu tapmaqda çətinlik çəkirsiniz. Sonda başınız o qədər planlamağa qarışır ki, “tez bir zamanda olsa da, bitsə” deyirsiniz. Səyahətin və istirahətin həyəcanını yaşamaq üçün sözün həqiqi mənasında zamanınız qalmır.

Mədəniyyətlərlə tanışlıq

Qrup turlarına adətən həmin səyahət edilən bölgədə yaşayan, və ya bu əraziləri yaxşı tanıyan qrup rəhbərləri bələdçilik edir. Bu da imkan verir ki, getdiyiniz yerin mədəniyyəti, insanları, gündəlik məşğuliyyətləri ilə daha yaxından tanış olasınız. Səyahət etdiyiniz yerin həqiqi ruhunu duymaq, oranın insanlardan biri olduğunuzu hiss etmək üçün turlar sizə inanılmaz təcrübə qatır.

Stressiz səyahət

Səyahəti planlamaq əyləncəli görünsə də, bəzi insanlar üçün stressli də ola bilir. “Görəsən doğru etdim?, Hər hansı əksiklik çıxmayacaq ki?” kimi beyninizdəki düşüncələri uzaqlaşdırmaq və bütün enerjinizi və həyacanınızı səyahətinizin özünə fokuslamaq istəyirsinizsə bunu qrup turlarına qoşularaq əldə edə bilərsiniz.

Artıq qrup turlarının daha rahat, güvənli və əyləncəli olduğunu bilirsiniz. Əgər siz də məhz qrup turlarının sizin üçün olduğunu düşünürsünüzsə bizimlə ölkədaxili və ölkəxarici turlarımıza qoşula bilərsiniz. Sizi aramızda görməkdən məmnunluq duyarıq.

Xoş səyahətlər! 

SƏN HƏLƏ MƏNİ OXUMAMISAN: Azərbaycanın ən gözəl rayonları