Məzmuna keçin Yan panelə keçin Altbilgiyə keçin

Dünyadakı fərqli salamlaşma üsulları

Dünyadakı fərqli salamlaşma üsulları

Salam! 🤗

Başqa ölkələrə səfər etdiyiniz zaman hava limanına enər-enməz ilk eşitdiyiniz söz və ya gördüyünüz davranış salamlaşmadır. Salamlaşma mədəniyyəti çox müxtəlifdir. Bəzi ölkələrin özünəməxsus salamlaşma hərəkətləri var və salamlaşma üsüluna xüsusi ad verirlər. Bu yazımızda sizə fərqli ölkələrin salamlaşma mədəniyyətləri barədə danışacağıq. 

Əl sıxmaqla salamlaşma

Qərb mədəniyyəti (Amerika, Avropa): Əl sıxmaqla görüşməyin kökləri qədim Romalılara qədər uzanır. Romada bir-birinin güvənlərini qazanmaq üçün əllərində silahın olmadığını sübut etmək məqsədilə əl sıxırdılar. Hazırda iş dünyasında da güclü bir əl sıxma ilə salamlaşma həm güvən, həm güc, həm də professionallığı göstərir. 

Orta şərq: Şərq mədəniyyətində də əl sıxmaqla salamlaşmaq adətləri var. Lakin burdakı fərq cinisiyyətə görə dəyişir. Qarşı cinslə əl sıxmaqla salamlaşmaq uyğun görülmür. Qarşı cinslər yalnız məsafəli və rəsmi salamlaşır. Salamlaşma zamanı bir əl sıxıldıqda digər əlin ürəyin üzərinə qoyulması da görülən bir davranışdır. Bu hərəkət qarşıdakı insana ürəkdən gələn hörmət və səmiyyəti göstərir. 

Öpüşməklə salamlaşma

Latın Amerikası: Argentinada tanıdığınız bir insanla görüşən zaman tək yanağı öpməklə salamlaşmaq geniş yayılıb. Rio-de Janeyroda yanağı 3 dəfə öpməklə (nənələri yadınıza salın), Braziliyada, Sao Pauloda isə iki yanaqdan öpməklə görüşürlər. Bəzi topluluqlar öpüşlə salamlaşmağı əlaqələri gücləndirən bir vasitə olaraq görürlər. 

Fransa: Salamlaşarkən yanaqdan öpmək Fransada bir ənənə halını alıb. Yanaqdan öpməklə salamlaşmaq fransızlara görə səmimiyyəti və qarşıdakı insana qarşı münasibətin nə qədər isti və xoş olduğunu göstərir. Hətta bəzi bölgələrində öpüş sayı da dəyişir. Paytaxt Parisdə 2 dəfə, Provencedə isə 3 dəfə öpərək salamlaşırlar. 

Baş əyməklə salamlaşma

Yaponiya: Baş əyməklə salamlaşmaq Yaponiyada çox qədim köklərə malik olan bir davranışdır. Bir-birinə qarşı hörmət və səmimiyyətin nişanı olan bu salamlaşma həm də sosial iyerarxiyanı və münasibətləri müəyyən edir. Baş əyərkən əyilmənin dərəcəsi insanların məqsədini davranışlarıyla göstərmək üçün fərqlənir. Məsələn, normal bir salamlaşma üçün 15 dərəcəli bir əyilmə kifayət edir. Əgər qarşınızdakı insana təşəkkür etmək istəyirsinizsə 30 dərəcə əyilməlisiniz. Yox əgər qarşınızdakı insandan hər hansı səhvinizə görə üzr istəmək istəyirsinizsə bu zaman əyilmə dərəcəsi 45 dərəcə olmalıdır.

Tayland: Taylandda salamlaşma üsulu Wai adlanır. Əllər sinənin qarşısında ovuc içləri birləşdirilir və yüngül baş əyilir. Bu hərəkət nəzakəti və hörməti göstərir. Qarşıdakı insanın sosial statusundan asılı olaraq baş əymə dərəcəsi dəyişir. 

Ənənəvi salamlaşmalar

Hindistan: Namaste və ya Namaskar olaraq adlandırılan bu salamlaşma növünü yəqin ki, bilməyən yoxdur. Ovuclar sinənin önündə birləşdirilir. Baş önə əyilir. Bu salamlaşmanın mənası isə bir qədər dərindir. “Mənim daxilimdəki ilahi işıq sənin daxilindəki işığı salamlayır” mənasını verir. 

Tibet: Tibetdə salamlaşmanın çox maraqlı növü var. Dil çıxarmaqla salamlaşma. Bu salamlaşma ilə pis ruhları qovduqlarına inanırlar. Günümüzdə də saflığı göstərmək üçün Tibet Buddizmində keçirilən dini mərasimlərdə istifadə edilir. 

Burun təması ilə salamlaşma

Maorilər (Yeni Zenlandiya): Burun ve alınların bir-birinə təması ilə olan bu salamlaşma növü Hongi adlandırılır. “Hā” – nəfəs paylaşımını göstərir, ona görə də Naorilər bu salamlaşmanı “yaşam nəfəsinin paylaşımı” olaraq qəbul edirlər. Bu cür salamlaşma hörməti təmsil edir. 

İnuitlər: Eskimosların salamlaşması Kunik adlanır. Bu salamlaşma zamanı burunlar və bəzən üst dodaqlar bir-birinə təmas edir. Soyuq bölgələrdə bu salamlaşma yaxınlıq və istilik göstəricisi kimi qəbul edilir. 

Əl və vücud hərəkətləri ilə salamlaşma

Yunanıstan: “Moutza” adlanan bu salmalaşmada əllər açıq şəkildə uzadılır və barmaqların aralı olması hörmətsizlik kimi qəbul edilir. Bunun səbəbi qədim Yunanıstanda günahkarların üzünə kül sürtmək üçün əllərin bu formada istifadə olunmasıdır. 

Afrika (Zulu Qəbiləsi): Əllər bir-birinə çırpılır və diz çökərək salamlaşılır. Bu salamlaşma davranışı salamlaşdıqları şəxslərə, xüsusən də liderlərə və qəbilə başçılarına qarşı olan hörməti göstərir. Salamlaşma Sawubona adlanır. 

Qucaqlama ilə salamlaşma

Latın Amerikası (Meksika, Braziliya): Bu topluluqlarda bağları və dostluğu göstərmək üçün səmimi bir qucaqlaşmaqla salamlaşırlar. Həm qucaqlamaq, həm də öpüş birlikdə insanın nə qədər dəyərli və əziz olduğunu göstərir. 

Şərqi Avropa: Kişilər arasında möhkəm bir qucaqlamaq və kürəkdən vurmaq geniş yayılan salamlaşmadır. Dostluq və səmimiyəti göstərən bu salamlaşma xüsusən yaxın çevrə və ailə içindən kimləsə görüşdükdə istifadə olunur. 

Sözlü salamlaşma

Ərəb Dünyası: Kimləsə salamlaşan zaman “Salamun Aleyküm” deyilir, qarşılığında isə “Və Aleyküm Salam” ifadəsi işlədirlər. Bu ifadənin mənası “sülh sizinlə olsun” deməkdir.

Çin: “Nǐ hǎo” (你好) ifadəsi “Salam” mənası verir və ən çox istifadə olunan salamlaşma sözüdür.  Həmçinin də salamlaşan zaman yüngül baş əyməklə də qarşılıq verilir. 

İnanırıq ki, sizin üçün maraqlı oldu. Çünki fərqli mədəniyyətlərdə salamlaşma davranışlarını və sözlərini bilmək sizə həmin ölkənin mədəniyyətinə daha yaxından bələd olmaq fürsəti verir. Çoxlu təcrübələr yaşamağınız diləyilə. 

Xoş səyahətlər! 🥰

SƏN HƏLƏ MƏNİ OXUMAMISAN: Səyahət Fotoqrafiyası: Unudulmaz Anlar Yaratmaq