Səyahət etmək istəyənlər vaxt və məkan planlamasına görə iki səyahət formasından birini seçirlər. Ya səyahətlərini başdan sona qədər planlayırlar və proqrama sadiq qalırlar, ya da tamamilə spontan səyahət etməyi üstün tuturlar. Yəni “ayağım hara, başım da ora” yanaşmasını seçirlər. Sizə həyata baxışınıza və yaşam tərzinizə görə iki üsuldan biri daha cəlbedici və uyğun gələ bilər. Bu məqaləmizdə bu iki səyahət üsulundan danışacağıq. Beləliklə də siz özünüzə uyğun olan səyahət formasını seçə biləcək və şəxsi səyahət təcrübələrinizi zənginləşdirməyin fərqli üsulu ilə tanış ola biləcəksiniz.
Planlanmış səyahət: Təhlükəsizlik və əminlik
Planlanmış səyahət adından məlum olduğu kimi səyahət başlamadan öncə detallı şəkildə araşdırma tələb edir. Gediləcək ölkə, aviabiletlərin alınma və səyahətin başlama və bitmə vaxtının seçilməsi, hansı hoteldə gecələmə, transfer və qidalanma kimi məsələlər, səyahət marşrutunun seçilməsi bu səyahət növündə qabaqcadan müəyyən olunur. Bu forma səyahətsevəərlərə bir neçə üstünlük qazandırır:
Təhlükəsizlik və əminlik
Hər şeyin əvvəlcədən planlanması səyahət zamanı yarana biləcək xoşagəlməz halların qarşısını almağa kömək edir. Məsələn, bəzən spontan səyahətlərdə hotel rezervasiyaları zamanı problemlər yarana bilər. Hotel və nəqliyyata səyahət üçün ayırdığınız büdcəni aşan ödəmələr edə bilərsiniz. Öncədən planlama zamanı bu kimi problemlərlə üzləşmə ehtimalı azalır.
Vaxtın effektiv istifadəsi
Planlanmış səyahət imkan verir ki, ayırdığınız zaman daxilində daha çox yerlər görəsiniz. Özünüz üçün cızdığınız marşrutlarınızın hər birini gəzmək üçün zamanı optimal idarə etmək vacibdir.
Ətraflı araşdırma
Bu səyahət növü gedəcəyiniz yeri daha çox araşdırma və məlumat toplama imkanı verir. Oranın tarixi məkanları və o məkanlarda baş vermis hadisələr barədə məlumat toplayaraq səyahətinizi zənginləşdirə bilərsiniz. Bu səyahətinizi daha yaddaqalan və maraqlı edəcək.
Büdcə planlaması
Səyahətiniz üçün ayırdığınız büdcəni daha yaxşı və qənaətlə istifadə etmək üçün planlaşdırılmış səyahət forması məsləhət görülür. Harada nə qədər və nəyə xərcləyəcəklərini planlayaraq səyahətçilər gözlənilməz artıq xərcləmələrdən qaça bilərlər.
“Ayağım hara, başım da ora”: Azadlıq və macəra
Heç bir proqram və marşrut olmadan çıxılan səyahət spontan səyahətdir. Bu növ səyahətin aşağıdakı üstünlükləri vardır:
Azadlıq hissi
Plansız şəkildə səyahətə çıxmaq insana hər an yeni macəralara atılmaq, yeni yerlər kəşf etmək fürsəti verir. Səyahətçilər hər an dəyişən istəklərinə və maraqlarına uyğun addım ata bilərlər. Bu isə azadlıq hissini bərabərində gətirir.
Adrenalin dolu səyahət
Əgər macəraları sevirsinizsə spontan səyahət sizin üçündür. Harada nəylə qarşılacağınızı bilmədən yola çıxmaq sizdə adrenalin hormonunun səviyyəsini yüksəldəcək. Səyahətinizi daha həyəcanlı və maraqlı edəcəksiniz.
Ani qərarvermə
Konkret bir planın olmaması sizə səyahətinizlə bağlı ani qərarlar vermənizdə kömək edə bilər. Məsələn, yeni gördüyünüz, təbiətini və insanlarını çox sevdiyiniz bir yerdə bir neçə gün artıq qalmağa qərar verə bilərsiniz. Yaxud səyahətiniz zamanı haqqında yenicə eşitdiyiniz bir yerin mədəniyyəti ilə daha dərindən tanış olmaq üçün oraya getməyi anında qərarlaşdıra bilərsiniz.
Stressiz səyahət
Bu səyahət forması düşünərək özünü yormaq istəməyənlər üçün idealdır. Detalları düşünmədən və təmiz bir beyinlə fərqli və undulmaz təcrübələr yaşamaq imkanı verir.
Hansı daha məqsədəuyğundur?
Bu iki səyahət formasından hansını nə zaman edəcəyinizi düşünürsünüzsə səyahətinizin məqsədini də nəzərə almanız vacibdir.
İşgüzar səyahətlər
İşgüzar səyahətlərdə vaxt məhdudiyyəti olduğu üçün planlanmış səyahət uyğundur. Çünki müxtəlif görüşlər, konfranslar və tədbirlərlə vaxtında planlaşdırılmış ünvanda olmaq vacibdir.
Mədəniyyət və tarixi maraqlar
Tarixi yerləri və mədəni abidələri görmək istəyənlər üçün planlanmış səyahət daha məqsədəuyğundur. Çünki görmək istədiyiniz muzey üçün saatlarla növbədə dayana bilərsiniz. Öncədən maraqlı tədbir və festivalların keçirildiyi yerləri və tarixi səyahətinizi planlayaraq müəyyən edə bilərsiniz.
Macəra və təbiət sevgisi
Təbiəti və macəranı sevənlər üçün spontan səyahət daha çox uyğundur. Kamp qurmağı, yürüş və təbiətdə gəzintini sevən insanlar üçün planlanmış səyahət məhdudlaşdırıcı ola bilər.
Uzunmüddətli səyahətlər
Uzun müddət səyahət edənlər üçün spontan yanaşma daha uyğun ola bilər. Belə səyahətlərdə hərəkət müəyyən zaman çərçivəsi üzrə planlanmadığı üçün səyahətçilər həmişəkindən fərqli yerləri ziyarət etmə fürsəti əldə edirlər.
Son olaraq;
Fərqli ehtiyac və məqsədlərdən asılı olaraq hər iki səyahət formasından istifadə edə bilərsiniz. Əsas məsələ öz təbiətinizə, karakterinizə və yanaşmalarınıza uyğun olaraq seçdiyiniz həm planlanmış, həm də spontan səyahətlər zamanı əsas məqsədin yeni təcrübələr qazanmaq və səyahətdən zövq almaq olduğunu unutmamaq lazımdır.
Yeni təcrübələr və xoş xatirələr dolu səyahətlər arzulayırıq 🥰