Səyahət çantası hazırlamaq səyahətə çıxarkən marşrutunuzu müəyyənləşdirdikdən sonra edəcəyiniz ən vacib işdir. Çantanın ölşüsü gedəcəyiniz yerdə nə qədər qalacağınıza görə dəyişir. Uzunmüddətli səyahət planlamısınızsa bu zaman təbii olaraq daha böyük çanta seçmək lazımdır. Amma unutmuruq ki, böyük çanta çox xərc deməkdir.
Indi isə gəlin səyahət çantamızda olmazsa olmazlar haqqında danışaq.
Paltarlar
Gedəcəyiniz yerin təbii coğrafi mühitini və hava şəraitini nəzərə alaraq ona uyğun seçimlər etmək lazımdır. Məsələn, qışda səyahət etməyinizə baxmayaraq isti ölkələrə getdiyiniz zaman ona uyğun paltar seçimi etməlisiniz. Əgər xüsusi karnaval, yarış, konsert planlamanız varsa buna uyğun geyimlərinizi özünüzlə götürə bilərsiniz. Aktiv bir səyahət planlamısınızsa, ütüyə daha az ehtiyac olan, az ləkələnən geyimlər seçməklə götürəcəyiniz bir neçə dəst paltarın sayını azalda bilərsiniz. Səyahət zamanı xüsusilə ayaqqabı seçiminə diqqət etmək lazımdır. Davamlı və yüngül idman ayaqqıları köməyinizə çata bilər. Əgər şəlaləyə getmək planınız varsa ayaqqabıların sukeçirməz olması da üstünlükdür. Eyni zamanda dəniz ətrafı ölkələr üçün mayonuzu götürməyi unutmayın. Bir neçə günlük hava şəraitinizi nəzər alıb yağmurluğunuzu çantanızdan əksik etməyin.
Yol xəritəsi
Gedəcəyiniz ünvan üçün xəritə və ya bunu əvəz edəcək tətbiqetmələr. Səyahətinizi nə qədər planlasanız da bəzən plandankənar gözlənilməz addımlar ata bilirsiniz. Getdiyiniz yerdə istiqaməti düzgün müəyyənləşdirmək həm vaxtınıza həm pulunuza qənaət etmək deməkdir. Mobil cihazlarınızın sönməsi kimi gözlənilməyən halların baş verməsi zamanı hərəkətin dayanmaması üçün hər bir halda xəritəyə ehtiyacınız ola bilər.
İlk tibbi yardım çantası
Gedəcəyiniz yerdə özünüzü narahat hiss elədiyiniz halda sizə kömək edə biləcək ilkin tibbi müdaxiləni edəcək dərmanları özünüzlə götürün. Yara bantları, sarğı bezləri kimi məhsullar mütləq çantada olmalıdır. Ola bilər ki, gedəcəyiniz yerdə fəsillə əlaqədar hansısa həşəratlar sizi sanca ya da allergik təsir göstərə bilər. Bu kimi problemler qabaqcadan araşdırılmalı və uyğun vasitələr çantada mütləq olmalıdır.
Baxım vasitələri
Getdiyiniz yerdən asılı olmayaraq özünüzə qulluq etməyə layeqd qala bilmirsinizsə öz baxım məhsullarınızı çantanızda götürə bilərsiniz. Ancaq bunların miqdarının çox olmamağına diqqət yetirin. Bunlar üçün xüsusi qablardan istifadə edərək çantanızın çəkisinə qənaət edə bilərsiniz. Dağılmaq ehtimalı olan məhsulları streçləməyiniz məsləhət görülür.
Texnologiya
Səyahətinizi ölümsüzləşdirmək üçün fotoaparatınız, fotoaparatınız üçün tripod, noutbuk və ya telefonunuz üçün adapterlər, çəxsi qulluq üçün fen, epilyator kimi məhsullarınız üçün də çantanızda yer ayırmalısınız.
Sənədlər
Sənədlər ən vacib olanlardır. Unudulmamalı və güvənli bir şəkildə saxlanılmalıdır. Xüsusilə əgər iş səyahətinə çıxacaqsınızsa, sənədlərin siyahısnı müəyyənləşdirin və hər birini götürdüyünüzdən əmin olun.
Qida
Yol boyunca həm mədənizi aldatmaq, həm də uzun yollarda başınızı qatmaq üçün lazımlıdır. Ən sevdiyiniz atışdırmalıqlar çantadan əksik olmasın. Əlavə olaraq səyahət büdcəniz azdırsa özünüz üçün dədə-baba qaydası ilə “çörəkarası” ayaqüstü atışdırmalıqlar hazırlaya bilərsiz. Su götürməyi unutmayın. Bu sizi turistik bölgələrdəki əlavə yemək xərcləmələrindən qurtara bilər. Əvəzində fərqli bir yeri də səyahət marşrutunuza əlavə edə bilərsiniz və ya getdiyiniz yerin milli mətbəxindən dada bilərsiniz. Bu sizə daha çox təcrübə qazandıracaq. Təbii ki, bahalı restoranlara da üz tuta bilərsiniz. Dünyaya bir dəfə gəlirik nəticədə. Yeyin, için, keyf edin.
Bunlar bir səyahət çantasında olmasını ən vacib hesab etdiklərimiz idi. Təbii ki, əlavələr də mütləq vardır. Getdiyiniz yeri yaxşı araşdıraraq rahatlıqla çantanızı toplaya bilərsiniz. Amma unutmamaq üçün bu siyahını əvvəlcədən bir yerə qeyd etmək məsləhətdir.
Xoş istirahətlər!